İ̇sti̇fadəçi̇ müqavi̇ləsi̇ / i̇sti̇fadə qaydalari
Bu Müqavilə PashaPay MMC (“PashaPay”) və İstifadəçi arasında bağlanılır.

Bundan sonra PashaPay və İstifadəçi (fərdi sahibkar) ayrı-ayrılıqda “Tərəf”, birlikdə “Tərəflər” adlandırıla bilərlər.

İstifadəçi ‘Təsdiq et’ funksiyasından istifadə etməklə bu Müqaviləni qəbul etdiyini təsdiq edir və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi qüvvəyə malik müqavilə bağlamaq iradəsini ifadə edir.

Bu İstifadəçi Müqaviləsi “m10biz” elektron pulqabı mobil platformasında ödəniş hesabına və biznes (istifadəçi) profilinə malik İstifadəçilər üçün şərtləri və müddəaları müəyyən edir.

PashaPay MMC və İstifadəçi arasında bağlanmış bu İstifadə Qaydaları, Məxfilik Siyasəti, Şəxsi Məlumatların Emalına Razılıq, Hesab Açılması Müqaviləsi və tətbiqdə qüvvədə olan digər siyasətlər hüquqi öhdəlik yaradan müqaviləni (bundan sonra – “Müqavilə”) təşkil edir.


PashaPay barədə məlumatlar

Adı: “PashaPay” Məhdud Məsuliyyətli Cəmiyyəti (“PashaPay”)
      Ünvanı: AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153
Qeydiyyat nömrəsi: 1300615891
Dövlət qeydiyyatına alındığı tarix: 05.04.2005
Lisenziyanın tarixi, nömrəsi və lisenziya verən qurumun adı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 27 iyun 2024-cü il tarixdə verilmiş EPT-004 nömrəli elektron pul təşkilatı lisenziyası
Elektron poçt ünvanı: support@m10.az
      Telefon nömrəsi: *8810


Əsas anlayışlar


Müqavilə - PashaPay və İstifadəçi arasında bağlanmış, İstifadəçinin Platformada “Təsdiq et” düyməsini seçdiyi andan etibarən qüvvəyə minən razılaşma;
Məxfilik siyasəti – PashaPay tərəfindən https://m10.az/mexfiliksiyaseti internet ünvanında dərc olunmuş, İstifadəçinin məlumatlarının toplanılması, saxlanılması və emalı qaydalarını açıqlayan məxfilik bəyanatı;
İstifadəçi – Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkar və ya hüquqi şəxs, “m10biz” elektron pulqabısı vasitəsilə təqdim olunan ödəniş xidmətlərindən istifadə edən və Platformada biznes profilinə sahib olan şəxs.
İstifadəçi, Platformada “Təsdiq et”düyməsini seçdiyi andan etibarən bu Müqaviləni qəbul etmiş hesab olunur;
Autentifikasiya – Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, İstifadəçinin şəxsiyyətinin və ya ödəniş vasitəsinin etibarlılığının, o cümlədən İstifadəçiyə məxsus fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının PashaPay tərəfindən yoxlanılmasına imkan verən prosedur;
Gücləndirilmiş İstifadəçi Autentifikasiyası - iki və ya daha çox elementdən istifadə olunmaqla həyata keçirilən autentifikasiya: yalnız İstifadəçi tərəfindən bilinən (məsələn, parol, PIN, təhlükəsizlik sualları və s.), İstifadəçiyə məxsus biometrik göstəricilər (məsələn, üz tanıma, səs tanıma, barmaq izi) və yalnız İstifadəçiyə aid olan vasitələr (məsələn, cihaz, OTP, TOTP, elektron imza);
Fərdiləşdirilmiş təhlükəsizlik məlumatları autentifikasiya məqsədilə PashaPay tərəfindən İstifadəçiyə təqdim edilən fərdiləşdirilmiş məlumatlar;
Avtorizasiya – ödəniş əməliyyatının icra edilməsi üçün İstifadəçinin PashaPay-ə verdiyi razılıq;
Elektron pul – qəbul edilmiş pul vəsaitinin məbləği həcmində PashaPay tərəfindən İstifadəçinin sərəncamına verilən, elektron formada saxlanılan, ödəniş əməliyyatlarının icrasına imkan verən və üçüncü şəxslər tərəfindən ödəniş vasitəsi kimi qəbul edilən ödəniş aləti;
m10biz elektron pul kisəsi (bundan sonra – “Platforma” və ya “m10biz”) – bütün mülkiyyət və əqli mülkiyyət hüquqları PashaPay-ə məxsus olan proqram təminatı və ya vebsayt, İstifadəçinin Elektron Pulunun saxlandığı və İstifadəçinin cihaz vasitəsilə ödəniş xidmətlərinə çıxış əldə edərək peşəkar fəaliyyət çərçivəsində ödəniş əməliyyatlarını həyata keçirə bildiyi sistem;
Cihaz – İstifadəçinin m10biz Platformasına çıxışını təmin edən hər hansı mobil telefon, planşet və ya digər hesablama qurğusu;
Ödəniş hesabı – PashaPay ilə İstifadəçi arasında bağlanmış Hesab Açılması Müqaviləsinə əsasən, m10biz Platforması vasitəsilə ödəniş əməliyyatlarının aparılması məqsədilə İstifadəçi üçün açılmış hesab;
Ödəniş əməliyyatı – İstifadəçi və vəsait alan/göndərən arasında öhdəliyin mövcud olub-olmamasından asılı olmayaraq, onlardan hər hansı birinin təşəbbüsü ilə vəsaitin mədaxil edilməsi, köçürülməsi və ya məxaric edilməsi;
Ödəniş sərəncamı - İstifadəçi tərəfindən PashaPay-ə ödəniş əməliyyatının aparılması üçün verilən və Platforma üzərindən, POS terminallarda QR kod vasitəsilə və ya İstifadəçinin kassa aparatına birbaşa inteqrasiyası ilə icra edilən göstəriş;.
Birbaşa debitləşmə – İstifadəçinin vəsait alana, vəsait alanın və ya İstifadəçinin PashaPay-ə əvvəlcədən verdiyi razılığa əsasən vəsait alanın ödəniş sərəncamına əsaslanan İstifadəçinin ödəniş hesabının debitləşdirilməsi üçün istifadə olunan ödəniş aləti;
Kredit köçürməsi – PashaPay tərəfindən vəsaitin köçürülməsi məqsədilə istifadə olunan, İstifadəçinin ödəniş sərəncamına əsaslanan ödəniş aləti;
Bloklaşdırma – bu Müqavilə, qanunvericilik və ya PashaPay-in daxili qaydalarında nəzərdə tutulan hallarda ödəniş hesabına çıxışın məhdudlaşdırılması və ya ödəniş əməliyyatlarının həyata keçirilməsinin tam və ya qismən dayandırılması;
Ödəniş əməliyyatının icrasından imtina - ödəniş əməliyyatının, o cümlədən pul vəsaitlərinin köçürülməsi, ödəniş hesabına mədaxil edilməsi, balansda olan pul vəsaitlərinin geri qaytarılması və digər əməliyyatların icrasından imtina edilməsi;
Vasitəçi - ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidmətləri göstərən PashaPay və ya digər ödəniş xidməti təchizatçısı;
Ödəniş əməliyyatının aparılması üçün vasitəçilik xidməti – İstifadəçinin müraciəti əsasında onun digər ödəniş xidməti təchizatçısında açılmış ödəniş hesabı üzrə ödəniş sərəncamının verilməsi xidməti.

Biznes (İstifadəçi) Profili – İstifadəçi tərəfindən yaradılan və istifadəçi yönümlü veb-səhifələr və ya veb-tətbiqlər əsasında pullu abunəlik modeli üzrə fəaliyyət göstərən, istifadəçiyə müştərilərlə qarşılıqlı əlaqələrin qurulması üçün genişləndirilmiş onlayn funksionallıqlardan (tətbiqlərdən) istifadə imkanı verən, bu funksionallıqlara ______, ______ (Kassa Tətbiqi), PashaPay tərəfindən mütəmadi olaraq təqdim edilə bilən digər texnologiyalar, üçüncü tərəf proqram təminatları, loyallıq və mükafatlandırma sistemləri, habelə bu Şərtlərdə nəzərdə tutulmuş xidmətlərin daxil olduğu profil;
QR kod – kvadrat formalı xanalardan ibarət məlumat daşıyıcısı olub, müvafiq proqram təminatı vasitəsilə oxunması üçün nəzərdə tutulmuş, mobil telefonlar, optik oxuyucular və digər elektron qurğular vasitəsilə tanınan və əməliyyat məbləğinin, vəsaitin təyinatının və digər zəruri məlumatların müəyyən edilməsini təmin edən kodun ifadəsi;

1. Müqavilənin predmeti

1.1. Bu Müqavilə “m10biz” elektron pul kisəsinin (e-cüzdanın) istifadəsini tənzimləyir və bu çərçivədə PashaPay İstifadəçiyə biznes fəaliyyətinin həyata keçirilməsi məqsədilə nəzərdə tutulmuş elektron pul kisəsi xidmətindən yararlanmaq hüququ verir. Platforma İstifadəçiyə ödəniş hesablarının açılması və idarə olunması, vəsaitlərin qəbulu, saxlanılması, köçürülməsi və idarə edilməsi, o cümlədən müştərilərdən və sifarişçilərdən daxil olan vəsaitlərin qəbulu, tərəfdaşlarla hesablaşmaların aparılması və digər qanuni kommersiya əməliyyatlarının həyata keçirilməsi imkanını təqdim edir , bütün əməliyyatlar isə qüvvədə olan normativ-hüquqi aktlara və Platforma vasitəsilə təqdim olunan ödəniş xidmətləri və funksionallığın istifadə qaydalarına tam uyğun şəkildə həyata keçirilir.
1.2. Bu Müqavilənin müvafiq müddəalarına xələl gətirmədən, PashaPay İstifadəçiyə m10 Platforması vasitəsilə aşağıdakı xidmətləri göstərə bilər:
· ödəniş hesabı üzrə pul vəsaitinin nağd qaydada mədaxili və (və ya) məxarici əməliyyatlarının aparılması;
· kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı, QR kod və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası;
· Elektron pulun emissiyası və elektron pul vasitəsilə ödəniş əməliyyatlarının aparılması;
· ödəniş alətlərinin emissiyası və (və ya) ödəniş əməliyyatının ekvayrinqi;
· pul köçürməsi;
· ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti;
· hesab üzrə məlumat xidməti;
· valyuta mübadiləsi (tətbiq olunduğu hallarda);
· qanunvericiliklə müəyyən edilmiş hədlər daxilində kreditlərin verilməsi;
· İstifadəçi ilə razılaşdırılan digər innovativ xidmətlər, məhsullar və əlavə dəyərli xidmətlərin (VAS) göstərilməsi.
1.3. PashaPay qanunvericiliyə uyğun olaraq, banklarla və ödəniş xidmətləri göstərən digər təchizatçılarla əməkdaşlıq çərçivəsində, İstifadəçiyə ödəniş və ya biznes (o cümlədən rəqəmsal) kartların təqdim edilməsi və istifadəyə hazır vəziyyətə gətirilməsi hüququ verilir.

2. Ödəniş hesabı

2.1. İstifadəçi bu Müqaviləni qəbul etməklə, PashaPay tərəfindən maliyyə (ödəmə) xidmətlərinin uzaqdan göstərilməsinə razılıq verir və elektron formada təqdim olunan Hesab Açılma Müqaviləsini təsdiqləyir; verilən birmənalı razılıq hüquqi baxımdan əlyazma imzası ilə eyni hüquqi qüvvəyə malikdir.
2.2. İstifadəçi, PashaPay tərəfindən məsafədən göstərilən maliyyə (ödəmə) xidmətlərindən istifadə etmək və Platformada ödəniş hesabı açmaq üçün zəruri olan məcburi video-identifikasiya prosedurundan keçməyə razılıq verir. Bu prosedur, risklərin idarə olunması və mövcud normativ tələblərə uyğun olaraq, PashaPay tərəfindən müəyyən edilən qaydada ya PashaPay nümayəndəsi ilə canlı videozəng vasitəsilə, ya da avtomatlaşdırılmış video-yazı sistemi vasitəsilə həyata keçirilə bilər.
2.3. İstifadəçi həmçinin təsdiq edir ki, ödəniş hesabının açılması yalnız müvafiq vergi orqanı tərəfindən verilmiş vergi şəhadətnaməsinin elektron surətinin təqdim olunması şərti ilə mümkündür.
2.4. Vergi orqanında fərdi sahibkar kimi qeydiyyatdan keçdikdən (VÖEN əldə etdikdən) sonra, İstifadəçi müvafiq ərizəni, bu Müqavilənin 14-cü maddəsi çərçivəsində tələb olunan bütün əlavə və dəstəkləyici sənədləri təqdim etməli və ya təsdiq etməlidir; Bu proses gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilə bilər və İstifadəçi bunu fərdi sahibkar statusunda yerinə yetirir.
2.5. İstifadəçi razılaşır ki, PashaPay yeni texnologiyalardan istifadə edərək məsafədən ödəniş və maliyyə xidmətlərinin göstərilməsi məqsədilə uyğunluq prosedurlarını tətbiq edəcək. Bu prosedurlar müştərinin identifikasiyası və yoxlanmasını (o cümlədən video-identifikasiya və ya video zəng vasitəsilə), risk faktorlarının müəyyənləşdirilməsini və risk əsaslı müştəri profillərinin yoxlanılmasını əhatə edir.
2.6. Ödəniş hesabı yalnız bütün tələb olunan yoxlamalar tamamlandıqdan, təqdim edilmiş məlumatların düzgünlüyü təsdiqləndikdən və PashaPay tərəfindən İstifadəçiyə aid bütün sənəd və məlumatlar, o cümlədən fərdi sahibkar kimi fəaliyyətləri, uğurla təsdiqləndikdən sonra aktivləşdirilir.
2.7. Platformada Ödəniş Hesabının açılması İstifadəçinin m10biz elektron pul kisəsinə vəsaitlərin köçürülməsinə imkan yaradır. Bu, İstifadəçiyə Ödəniş Əməliyyatlarını həyata keçirmək, elektron vəsaitləri qəbul etmək və köçürmək, eləcə də biznes fəaliyyəti ilə əlaqədar digər maliyyə əməliyyatlarını icra etmək hüququnu təmin edir. Bütün əməliyyatlar isə mövcud qanunvericilik və normativ tələblərə uyğun aparılır.
2.8. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, Ödəniş Hesabları barədə məlumatlar müəyyən edilmiş forma və müddət çərçivəsində aidiyyəti dövlət orqanına təqdim olunur.
2.9. PashaPay qüvvədə olan qanunvericilik və ya bu Müqavilənin müddəalarına uyğun olaraq, İstifadəçinin kommersiya fəaliyyətinin həcminə əsasən tətbiq olunan bütün vergiləri müəyyən etmək və həmin vergiləri müvafiq qaydada tutmaq hüququna malikdir. İstifadəçi bu proseduru qəbul edir və razılaşır ki, belə tutulmalar həyata keçirilə bilər; eyni zamanda, PashaPay tərəfindən tutulmayan digər vergi öhdəliklərinin icrası İstifadəçinin məsuliyyətində qalır.
2.10. İstifadəçi qəbul edir ki, PashaPay, qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya səlahiyyətli dövlət vergi orqanının qanuni əsaslarla verdiyi göstəriş əsasında, İstifadəçinin razılığı olmadan, onun Ödəniş Hesabı üzrə əməliyyatları məhdudlaşdıra və ya bloklaya bilər.
2.11. Ödəniş Hesabında hər hansı formada kriptovalyuta saxlanması və ya qorunması qəti qadağandır.

3. Elektron pul

3.1. İstifadəçi yalnız öz bank hesabından PashaPay-ə vəsait köçürməklə elektron pul əldə edə bilər. PashaPay köçürülmüş məbləğə ekvivalent elektron pulu dərhal İstifadəçinin Ödəniş Hesabına təqdim edir.
3.2. Elektron pulun verilməsi m10 Platformasında ödənişlərin qəbul edilməsindən və müvafiq bank tərəfindən vəsaitlərin təsdiqlənməsindən asılıdır.
3.3. PashaPay Ödəniş Hesabında yerləşdirilən vəsaitlərin təhlükəsizliyini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təmin edir. Bu məqsədlə vəsaitlər yerli banklarda, xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filiallarında və ya qanunla icazə verilmiş digər üsullarla saxlanıla bilər. Hər bir halda, vəsaitlərin təhlükəsizliyinə görə məsuliyyət PashaPay-ə aiddir və PashaPay bu öhdəliyi icra etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş hər hansı hüquqi üsulu seçmək səlahiyyətinə malikdir.
3.4. Elektron pulun İstifadəçiyə qaytarılması yalnız rəqəmsal formada, İstifadəçinin bank hesabına köçürülməklə həyata keçirilir.
3.5. Elektron pul depozit hesab edilmir, sığortalanmır və Ödəniş Hesabında yerləşdirildiyi müddət ərzində heç bir faiz və ya digər gəlir təmin etmir.
3.6. PashaPay, bu Müqavilənin, daxili qaydalarının, Ödəniş Hesabı Müqaviləsinin və mövcud qanunvericiliyin müddəalarına uyğun olaraq, Ödəniş Hesabında saxlanılan vəsaitləri birtərəfli qaydada bloklamaq, hesabdakı elektron pulun məbləğini məhdudlaşdırmaq və ödəniş əməliyyatlarına limitlər tətbiq etmək (əməliyyatların sayı, məbləği və növü üzrə) və ya qanunla tələb olunan digər tədbirləri həyata keçirmək hüququnu özündə saxlayır.

4. Autentifikasiya

4.1. PashaPay öz mülahizəsinə uyğun olaraq ödəniş hesabının açılmasdan əvvəl və ya açıldıqdan sonra istənilən vaxt İstifadəçinin autentifikasiyasını həyata keçirir. Autentifikasiya tələblərinin, prosedurlarının və metodologiyasının müəyyən edilməsi müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmaqla müstəsna olaraq PashaPay-in səlahiyyətindədir.
4.2. Autentifikasiya tədbirləri ödəniş hesabında saxlanılan vəsaitin məbləği və/və ya həyata keçirilən ödəniş əməliyyatlarının məbləği, növü və sayı nəzərə alınmaqla tətbiq oluna bilər. Bu bəndin birinci cümləsi PashaPay-in istənilən vaxt və istənilən əsasla autentifikasiya tədbirləri tətbiq etmək hüququnu məhdudlaşdırmır.
4.3. PashaPay tətbiq edilən autentifikasiya tədbirləri barədə məlumatları m10 Platformasında dərc etməklə, e-poçt, SMS bildiriş vasitəsilə və ya digər qaydada İstifadəçiyə bildirir.
4.4. m10 Platforması vasitəsilə ödəniş hesabının balansının artırılması zamanı PashaPay, bank və ödəniş xidmətləri göstərən digər təchizatçılar qanunvericiliyə, öz daxili qaydalarına və mülahizələrinə uyğun olaraq autentifikasiya və ya gücləndirilmiş İstifadəçi autentifikasiyası tətbiq edə bilər. Həmin tədbirlər bank və digər ödəniş xidmətləri göstərən təşkilatlar tərəfindən tətbiq edildikdə, autentifikasiya və ya gücləndirilmiş İstifadəçi autentifikasiyasına dair münasibətlər İstifadəçi və həmin təşkilat arasında tənzimlənir və PashaPay bunun üçün cavabdehlik daşımır.
4.5. PashaPay İstifadəçini məsafədən autentifikasiya etmək məqsədilə ona fərdiləşdirilmiş təhlükəsizlik məlumatları təqdim edir. İstifadəçi həmin məlumatların məxfiliyini təmin etməli və üçüncü şəxslərlə paylaşmamalıdır.

5. İstifadəçinin ödəniş alətinə və fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarına dair vəzifələri

5.1. İstifadəçi fərdiləşdirilmiş təhlükəsizlik məlumatlarının üçüncü şəxslərə məlum olduğunu aşkar etdikdə və ya belə bir halın baş verdiyindən şübhələndikdə, dərhal həmin məlumatları m10 Platforması vasitəsilə dəyişdirməli, bu mümkün olmadıqda isə PashaPay-ə məlumat verməlidir.
5.2. PashaPay İstifadəçinin cihazının və ödəniş hesabına bağlı olan mobil telefon nömrəsinin təhlükəsizliyinə görə məsuliyyət daşımır. İstifadəçinin cihazı itirildikdə və ya oğurlandıqda, yaxud üçüncü şəxslərin hər hansı digər üsulla ödəniş hesabına daxil olmasına dair şübhə yarandıqda və ya belə fakt aşkar edildikdə, o, İstifadəçi PashaPay-i onun rəsmi kommunikasiya kanalları (o cümlədən rəsmi veb-saytı, elektron poçtu və sosial media səhifələri) vasitəsilə, mövcud olan istənilən formada (yazılı, elektron və s.) dərhal məlumatlandırmalıdır.
5.3. İstifadəçi başa düşür və razılaşır ki, ödəniş hesabına giriş və istifadə üçün razılıq verib-verməməsindən asılı olmayaraq onun ödəniş hesabından onun əməkdaşları, onun adından çıxış edən şəxslər və ya digər üçüncü şəxslərin istifadəsinə görə tam şəkildə məsuliyyət daşıyır. İstifadəçinin ödəniş hesabına PashaPay-dan asılı olmayan hallarda səlahiyyətli və ya səlahiyyətsiz şəxslərin girişi nəticəsində İstifadəçiyə dəyən ziyana və itkilərə görə PashaPay məsuliyyət daşımır.
5.4. İstifadəçi müvafiq telefon nömrəsinə çıxışı yalnız yeni SIM kart əldə etməklə və ya digər qanuni vasitələrlə bərpa etmədiyi halda, PashaPay İstifadəçinin Ödəniş Hesabına və/və ya Platformaya çıxışını bərpa etmək öhdəliyi daşımır.

6. Ödəniş əməliyyatları

6.1. PashaPay tərəfindən m10biz platformasında təqdim olunan funksionallıqlar İstifadəçiyə Ödəniş Əməliyyatlarını yalnız biznes fəaliyyəti çərçivəsində başlatmaq və idarə etmək imkanı verə bilər..
6.2. İstifadəçi Ödəniş Əməliyyatının icrası üçün tələb olunan bütün məlumatları əhatə edən Ödəniş Təlimatını PashaPay-ə təqdim etməli və bu Təlimat mövcud qanunvericiliyə uyğun olmalıdır.
6.3. Ödəniş əməliyyatı həyata keçirildikdən sonra PashaPay İstifadəçini məlumatlandırır. Məlumatlandırma zamanı İstifadəçiyə təqdim edilən məlumatların siyahısı və təqdim edilmə müddəti qanunvericiliyin tələbləri nəzərə alınmaqla PashaPay tərəfindən birtərəfli qaydada müəyyən edilir.
6.4. Ödəniş əməliyyatları m10 Platformasının funksionallıqlarından və PashaPay tərəfindən təqdim edilən xidmətlərdən asılı olaraq,QR ödənişləri,pul kisəsindən pul kisəsinə köçürmələr kredit köçürməsi və ya birbaşa debitləşmə ilə, habelə qanunvericiliklə qadağan edilməyən digər oxşar ödəniş alətləri ilə həyata keçirilə bilər.
6.5. Kredit köçürməsi zamanı İstifadəçi vəsaiti qəbul edən şəxsin düzgün seçilməsi, əgər tələb olunursa, məlumatlarının düzgün yazılması üçün tam məsuliyyət daşıyır. İstifadəçinin vəsaiti qəbul edən şəxsi yanlışlıqla seçməsi və ya məlumatları yanlış daxil etməsinə görə PashaPay heç bir məsuliyyət daşımır. Bu müqavilənin 10.1-ci bəndinin tələblərinə uyğun olaraq vəsaitlərin geri qaytarılması barədə müvafiq tədbirlər PashaPay tərəfindən görülə bilər.
6.6. Ödəniş əməliyyatı birbaşa debitləşmə ilə həyata keçirildikdə İstifadəçi ödəniş tapşırığını (ödəniş sərancamını) verməyə səlahiyyətli olan şəxsin düzgün müəyyən edilməsi və ödəniş sərancamımın düzgün verilməsi üçün məsuliyyət daşıyır. Birbaşa debitləşmə üçün PashaPay əvvəlcədən İstifadəçinin razılığını əldə edir. Qeyd olunan razılıqda İstifadəçi həmçinin birbaşa debitləşmə üzrə ödəniləcək məbləğ limitini müəyyən etməlidir. Əgər birbaşa debitləşmə üzrə ödəniş əməliyyatının məbləği İstifadəçinin müəyyən etdiyi limiti aşmışsa, İstifadəçi həmin ödənişin onun ödəniş hesabından silindiyi tarixdən 2 (iki) ay müddətində PashaPay-ə müraciət edə bilər, müddətin ötürülməsi İstifadəçini bu hüquqdan məhrum edir. Belə müraciət daxil olduqdan sonra 5 (beş) iş günü ərzində PashaPay artıq ödənilmiş məbləği İstifadəçiyə geri qaytarmalı və ya imtinanın səbəbləri barədə İstifadəçiyə məlumat verməlidir.
6.7. İstifadəçi elektron pulları digər İstifadəçilərə, elektron pulu ödəniş üçün ödəniş aləti kimi qəbul edən üçüncü şəxslərə köçürə bilər.
6.8. Ödəniş əməliyyatının müxtəlif qrafik təsvirlərdən (məsələn, QR və ya bar kodlardan) istifadə edilməklə və ya digər hər hansı ənənəvi olmayan yollarla həyata keçirilməsi ödəniş əməliyyatının etibarlılığına təsir göstərmir. Həmin hallarda əgər İstifadəçi əvvəlcədən müəyyən hərəkətin ödəniş əməliyyatının həyata keçirilməsi üçün sərəncam olduğu barədə məlumatlandırılmışsa, tələb olunan hərəkətin yerinə yetirilməsi (məsələn, QR və ya bar kodun oxudulması) İstifadəçinin ödəniş əməliyyatını avtorizə etməsi hesab edilir.
6.9. İstifadəçi qəbul edir və razılaşır ki, Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində nəzərdə tutulmuş istehlakçı hüquqlarının qorunması qaydaları, onların sahibkarlıq fəaliyyəti məqsədilə həyata keçirilən Ödəniş Əməliyyatlarına tətbiq edilmir. İstifadəçinin şəxsi məqsədlərlə m10biz platforması vasitəsilə həyata keçirdiyi ödənişlər bu Müqavilənin əhatə dairəsinə daxil deyil və həmin hallarda bütün hüquqi və maliyyə məsuliyyəti, o cümlədən vergi və digər dövlət orqanları qarşısında öhdəliklər, tam şəkildə İstifadəçiyə məxsusdur.

7. Ödəniş sərancamının verilməsi, icraya qəbulu vaxtı və icra müddəti

7.1. İstifadəçı m10 Platformasında ödəniş əməliyyatları zamanı ona aşkar olan şəkildə əməliyyatı tamamlamağa dair düyməni sıxdıqda (məsələn, “ödə”, “ödəniş et”, “əməliyyatı tamamla”, “təsdiq et”, “köçür” və s.) ödəniş əməliyyatını avtorizə etmiş hesab edilir.
7.2. İstifadəçi tərəfindən bu Müqavilə və/və ya m10 Platforması ilə müəyyən edilmiş bütün şərtlər yerinə yetirildikdə və ödəniş sərəncamı qüsurlu olmadığı təqdirdə PashaPay avtorizə edilmiş ödəniş sərancamını icraya qəbul edir.
7.3.  Avtorizə edilmiş ödəniş sərancamı əməliyyat günündən sonra təqdim olunduqda ödəniş sərəncamı növbəti əməliyyat günü icraya qəbul edilmiş hesab olunur.
7.4. PashaPay ödəniş sərəncamını icraya qəbul etdiyi vaxtdan növbəti iş günündən gec olmayaraq icra edir.
7.5.  Ödəniş əməliyyatı birbaşa debitləşmə ilə həyata keçirildikdə PashaPay ödəniş sərancamını İstifadəçi ilə razılaşdırılmış tarixdə təmin edir.
7.6.  İstifadəçi qəbul edir ki, onunla m10 Platforması üzərindən razılaşdırmaqla, müəyyən hallarda isə texniki halın baş verməsi nəticəsində onun hesabında məbləğ olmadığı halda, onun ödəniş sərəncamının icrası PashaPay tərəfindən təmin edilə bilər (overdraft). Bu halda ödənişin PashaPay-in vəsaiti hesabına edildiyini nəzərə alaraq, İstifadəçi həmin vəsaitləri PashaPay-a 30 (otuz) gündən gec olmayan müddət ərzində geri qaytarmalı olduğunu qəbul edir. m10biz Platforması üzərindən İstifadəçiyə daha uzun müddət təqdim edilmədiyi təqdirdə, İstifadəçi həmin vəsaiti və vəsaitdən faydalanmağa görə həmin vəsaitin məbləğindən faizləri (qanunvericiliklə müəyyən edilən qaydada və həddə) PashaPay-a geri ödəməldir.
7.7.  İstifadəçi razılaşır ki, bu Müqavilənin 7.6-ci bəndinə uyğun olaraq, müəyyən edilmiş vaxtda geri qaytarmadığı pul vəsaitlərini PashaPay öz mülahizəsinə əsasən onun ikinciyə məlum olan ödəniş hesablarından tuta bilər.
7.8.   QR kod və digər qrafik vasitələrlə həyata keçirilən Ödəniş Əməliyyatı İstifadəçi tərəfindən təsdiqləndiyi və emal sistemi tərəfindən uğurla qəbul edildiyi anda avtorizasiya olunmuş hesab edilir. Ödəniş yalnız vəsait m10biz platformasına köçürüldükdə tamamlanmış sayılır.
7.9. Ödəniş Əməliyyatları ilə bağlı istifadəçinin və ya üçüncü tərəflərin kommersiya fəaliyyətindən irəli gələn mübahisələr və ya iddialar, o cümlədən ödəniş məlumatlarının düzgün daxil edilməməsi halları, PashaPay-ın nəzarətindən kənar olduğuna görə onun məsuliyyətinə daxil deyil. PashaPay yalnız Ödəniş Əməliyyatının qanuni və texniki icrasına cavabdehdir.

8. İstifadəçi tərəfindən ödəniş sərəncamından imtina və ödəniş sərəncamının geri götürülməsi


8.1. İstifadəçi ödəniş sərəncamından 8.2 - 8.5-ci bəndlər ilə müəyyən edilmiş anadək istənilən vaxt imtina edə bilər. Dövri ödəniş əməliyyatlarının icrası üzrə verilmiş sərəncamdan imtina nəticəsində İstifadəçinin seçimindən asılı olaraq, ancaq icra vaxtı çatmış əməliyyat və ya bütün növbəti ödəniş əməliyyatları avtorizə edilməmiş hesab edilir və icra olunmur.
8.2. İstifadəçi ödəniş sisteminə göndərilən ödəniş sərəncamını müvafiq ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilən andan etibarən geri götürə bilməz.
8.3. İstifadəçi ödəniş sərəncamının icra edildiyi tarixini PashaPay ilə razılaşdırdıqda, İstifadəçi ödəniş sərəncamını razılaşdırılmış tarixdən əvvəlki iş gününün sonundan gec olmayaraq geri götürə bilər.
8.4. Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı təqdirdə, İstifadəçi vasitəçiyə ödəniş əməliyyatının başladılmasına razılıq verdikdən sonra ödəniş sərəncamını geri götürə bilməz.
8.5. Birbaşa debitləşmə alətindən istifadə edildikdə İstifadəçi ən geci pul vəsaitinin ödəniş hesabından vəsaitin silinməli olduğu gündən əvvəlki iş gününün sonundan gec olmayaraq verdiyi sərəncamı geri götürə bilər.


9. Avtorizə edilməmiş və ya səhv icra olunmuş ödəniş əməliyyatları üzrə bildiriş

9.1. İstifadəçi ödəniş əməliyyatının icrasından sonra 6 (altı) aydan gec olmayaraq hər hansı avtorizə edilməmiş və ya səhv icra olunmuş ödəniş əməliyyatlarını müəyyən etdikdə bu barədə PashaPay-i dərhal məlumatlandırmalıdır, əks halda İstifadəçi ödəniş edilən məbləğin bərpasıhüququndan məhrum olur.
9.2. PashaPay İstifadəçidən 9.1-ci bənddə qeyd olunan bildirişi aldığı təqdirdə ödəniş əməliyyatının autentifikasiya olunduğunu, düzgün qeydə alındığını, ödəniş əməliyyatı üzrə məbləğin İstifadəçinin müəyyən etdiyi ödəniş hesabına mədaxil edildiyini və ödəniş əməliyyatının texniki nasazlıq və ya PashaPay-in digər nöqsanı nəticəsində təsirə məruz qalmadığını 5 (beş) iş günündən gec olmayaraq (ödəniş alətləri ilə ölkə xaricində aparılan əməliyyatlarda isə iştirakçısı olduğu ödəniş sisteminə dair qaydalar ilə müəyyən edilmiş müddətdə) sübuta yetirərərək təqdim etmədiyi təqdirdə qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilmiş xidmət haqqı ilə (tətbiq olunmuşdursa) birlikdə ödəniş əməlliyatının məbləğini İstifadəçiyə geri ödəyir.

10. Ödəniş hesabından əsassız olaraq silinmə və səhv ödəniş sərəncamı halında pul vəsaitlərinin geri qaytarılması imkanı

10.1. PashaPay İstifadəçinin pul vəsaitlərindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz. Bunu nəzərə alaraq, PashaPay İstifadəçi tərəfindən səhv təqdim edilmiş məlumat əsasında ödəniş sərəncamının icrası hallarında vəsaitin geri qaytarılmasına görə məsuliyyət daşımır. Bununla belə, İstifadəçi tərəfindən səhvən təqdim edilmiş məlumatlar əsasında ödəniş əməliyyatı icra edildikdə, İstifadəçi ödəniş əməliyyatı icra edildiyi gündən etibarən 2 (iki) ay müddətində PashaPay-ə bütün sübütedici sənədləri təqdim etməklə ödəniş əməliyyatı üzrə pul vəsaitinin geri qaytarılması ilə bağlı müraciət edə bilər. PashaPay bu müraciəti əsaslı hesab etdikdə və köçürülmüş vəsaitin qaytarılması mümkün olduqda Müqavilənin 10.2-ci bəndində müəyyən olunmuş qaydaya əməl etməklə İstifadəçiyə həmin vəsaitləri geri qaytara bilər.
10.2. Müqavilənin 10.1-ci bəndini nəzərə alaraq İstifadəçi PashaPay-ə razılıq verir ki, onun ödəniş hesabına digər İstifadəçi tərəfindən əsassız olaraq və səhvən pul vəsaiti mədaxil edildikdə PashaPay digər İstifadəçiyə həmin vəsaitlərin geri qaytarılması məqsədi ilə müəyyən tədbirlər və araşdırmalar apara bilər. Bu kimi hallarda hesabına səhvən vəsait köçürülmüş İstifadəçi PashaPay-lə vəsaitin geri qaytarılması üzrə əməkdaşlıq edəcəyini qəbul edir. Bununla belə, PashaPay hər hansı başqa əsasla İstifadəçinin ödəniş hesabına əsassız olaraq və ya səhvən mədaxil edilmiş pul vəsaitlərini onun istənilən ödəniş hesabından akspetsiz qaydada silə bilər. Bu muqaviləni imzalamaqla İstifadəçi akseptsiz silinmə əməliyyatına əvvəlcədən razılığını vermiş hesab edilir.

11. Xidmət haqqı və valyuta mübadiləsi məzənnəsi

11.1. PashaPay aşağıdakı xidmətlərin göstərilməsi üçün xidmət haqqı tətbiq və İstifadəçidən onların ödənilməsini tələb edə bilər:
11.1.1. ödəniş hesabının açılması;
11.1.2. elektron pulun emissiyası;
11.1.3. ödəniş əməliyyatlarının icra edilməsi;
11.1.4. Müştərilərə pul vəsaitlərinin qəbulu və köçürülməsi, o cümlədən QR kodu və digər ödəniş vasitələri ilə həyata keçirilməsi; .;
11.1.5. Qəbul (Acquiring) xidmətləri;
11.1.6. İnternet-bankçılıq xidmətləri;
11.1.7. Ödəniş sərancamının geri götürülməsi;
11.1.8. Ödəniş hesabı üzrə çıxarışların kağız daşıyıcıda, imzalı və möhürlü şəkildə təqdim edilməsi;
11.1.9. Bu Müqavilədə nəzərdə tutulmayan əlavə məlumatların təqdim edilməsi;
11.1.10. Müqavilədə göstərilməyən vasitələrlə məlumatların ötürülməsi;
11.1.11.Təqvim ayı ərzində aparılmış ödəniş əməliyyatları barədə ödəniş sərəncamının icrasından sonra təqdim edilən məlumatlara uyğun olaraq məlumatların bir dəfədən artıq və ya daha tez dövriliklə təqdim edilməsi.
11.1.12. Platformada əlavə dəyərli xidmətlərə (Value-Added Services – VAS) çıxış, o cümlədən istifadəçilərə təqdim olunan müxtəlif funksiyalar və əlavə imkanlar.
11.2. Bu Müqavilədə nəzərdə tutulan qaydada xidmət haqqı tutulduqda və ya valyuta mübadiləsi tətbiq edildikdə həmin xidmət haqqı və ya valyuta məzənnəsi barədə İstifadəçiyə ödəniş sərəncamindan öncə m10 Platforması vasitəsilə məlumat təqdim edilir. İstifadəçi sərəncamı təsdiq etməklə həmin xidmət haqları və ya valyuta məzənnəsinə razılığını bildirmiş olur.
11.3. PashaPay xidmət haqqını İstifadəçinin ödəniş hesabının balansında olan vəsaitlərdən birtərəfli qaydada tuta bilər.
11.4. İstifadəçi anlayır və qəbul edir ki, m10 Platforması üzərindən xidmətləri göstərməklə əlaqədar PashaPay-in əməkdaşlıq etdiyi digər ödəniş xidməti təchizatçıları da öz növbəsində xidmət haqqı tətbiq edə bilərlər. PashaPay bu cür xidmət haqqının növü və məbləği üçün məsuliyyət daşımır.

12. Lisenziyalaşdırma

12.1. m10 Platformasının bütün mülkiyyət və əqli-mülkiyyət hüquqları PashaPay-ə məxsusdur. Bununla məhdudlaşmamaq şərtilə, m10 Platformasının bütün ilkin mətn və obyekt kodları PashaPay-in müəlliflik hüququ ilə qorunur.
12.2. Bu Müqavilə ilə PashaPay m10biz Platformasıüzrə İstifadəçiyə qeyri-müstəsna lisenziya verir, yəni ona m10 Platformasından istifadə hüquqları verir. PashaPay m10 Platformasının bütün mülkiyyət hüquqlarını özündə saxlayır.
12.3. İstifadəçi m10 Platformasının surətini çıxara, yaya, yenidən işləyə bilməz. İstifadəçi m10 Platforması üzrə lisenziyanı üçüncü şəxslərə ötürə, onu sub-lisenziyalaşdıra, sata, bağışlaya və ya digər hər hansı şəkildə özgəninkiləşdirə bilməz.
12.4. İstifadəçi m10biz Platformasının ilkin kodundan lisenziya haqda məlumatı çıxara bilməz.
12.5. İstifadəçi heç bir halda m10 Platforması üzərində tərsinə mühəndislik apara bilməz.

13. Məlumatların işlənilməsi

13.1. PashaPay İstifadəçinin fərdi məlumatlarını qanunvericiliyə və cari Məxfilik siyasətinə uyğun olaraq işləyir, mühafizə edir və üçüncü şəxslərə açıqlayır.
13.2. Fərdi məlumatlar bu Müqavilənin icrası, marketinq, satışların artırılması, göstərilən xidmətlərin keyfiyyətinin ölçülməsi və artırılması, yeni məhsulların hazırlanması və s. məqsədlər üçün işlənilir. Bütün hallarda fərdi məlumatların işlənilməsi məqsədləri Məxfilik siyasətində göstərilir.
13.3. m10 Platformasında təqdim olunan xidmətlər 14 yaşından kiçiklər üçün nəzərdə tutulmayıb. PashaPay 14 yaşından kiçik şəxslərin şəxsiyyətini müəyyən edən məlumatları toplamır və işləmir (qanunla müəyyən edilmiş hallarda və qaydada qeydiyyatdan keçmiş istifadəçilər istsina olmaqla).

14. PL/TMM, vergidən yayınma ilə mübarizə

14.1. Tərəflər bəyan edirlər ki, onlar cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə və vergidən yayınmaya qarşı mübarizə aparırlar.
14.2. İstifadəçi m10 Platforması üzərindən apardığı bütün ödəniş əməliyyatlarında istifadə etdiyi pul vəsaitlərinin mənbəyinin qanuni olmasına görə tam məsuliyyət daşıyır və mənbəyinə dair əsaslı şübhələr olan pul vəsaitlərinin İstifadəçinin ödəniş hesabına qəbulu halında, o cümlədən, ödəniş əməliyyatının özü cinayət, terrorçuluğun maliyyələşdirilməsi və ya digər cinayət əməlləri nəticəsində əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılmasına cəhd məqsədilə aparıldıqda və İstifadəçi bunu bildikdə və ya bilməli olduqda və ya İstifadəçinin aparılan ödəniş əməliyyatının məqsədinə dair əsaslı şübhələri olduqda dərhal PashaPay və hüquq mühafizə orqanlarını məlumatlandırmağı öhdəsinə götürür.
14.3. İstifadəçi heç bir halda m10 Platforması üzərindən cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin yuyulmasında və ya buna cəhd edilməsinə, o cümlədən, terrorçuluğun maliyyələşdirilməsində iştirak etməməli, belə hallardan xəbər tutarsa, dərhal PashaPay-ə və hüquq mühafizə orqanlarına məlumat verməlidir.
14.4. İstifadəçi bəyan edir ki, o, m10 Platformasından istifadə ilə əlaqədar və ya m10 Platforması üzərindən Azərbaycan Respublikasında və ya digər ölkələrdə vergi və digər məcburi ödənişləri ödəməkdən yayınmayıb və bundan sonra da yayınmayacaq.
14.5. İstifadəçi m10 Platforması üzərindən apardığı əməliyyatlar ilə əlaqədar qanunvericiliklə ödəməli olduğu bütün vergilərin ödənilməsi, vergidən yayınma və digər məcburi ödənişlərin həyata keçirilməməsi üçün tam məsuliyyət daşıyır. PashaPay yalnız ödəniş həlləri təqdim edən ödəniş xidməti təchizatçısıdır və İstifadəçinin vergi və digər məcburi ödənişləri etməsi, o cümlədən, məcburi bəyannamələri və hesabatları qanunvericiliyə uyğun şəkildə dövlət orqanlarına təqdim etməsi üçün hər hansı məsuliyyət daşımır.
14.6. PashaPay, istənilən vaxt İstifadəçinin kommersiya fəaliyyəti çərçivəsində həyata keçirdiyi ödəniş əməliyyatları ilə bağlı ondan əlavə sənədlər tələb edə bilər.

15. Bloklaşdırma, ödəniş hesabından pul vəsaitlərinin silinməsi və bır sıra məhdudiyyətlərın qoyulması

15.1. PashaPay bunlarla məhdudlaşmamaq şərtilə, aşağıdakı hallarda İstifadəçinin ödəniş hesabını və /və ya həyata keçirdiyi ödəniş əməliyyatlarını bloklaşdıra bilər:
a. İstifadəçi bu Müqaviləni, m10 Platformasından, o cümlədən ödəniş hesabından istifadə qaydalarını pozduqda;
b. İstifadəçi həyata keçirilən əməliyyatlar barədə ondan tələb etdiyi məlumat və sənədləri PashaPay-ə bu cür tələb anından növbəti günə qədər təqdim etmədikdə;
c. İstifadəçi m10 Platformasından sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün istifadə etdiyi aşkar olunduqda;
d. m10 Platformasının, İstifadəçinin ödəniş hesabının, elektron pulların və digər ödəniş alətlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə;
e. m10 Platformasının, ödəniş hesabının, elektron pulların və digər ödəniş alətlərindən dələduzluq məqsədilə və ya səlahiyyəti olmayan üçüncü şəxslərin istifadəsinin qarşısını almaq üçün;
f. Texniki xəta nəticəsində ödəniş hesabında mövcud olan məbləğdən daha artıq məbləğdə olan ödəniş əməliyyatı həyata keçirildikdə;
g. İstifadəçinin ödəniş hesabına səlahiyyəti olmayan üçüncü şəxslərin giriş etməsi nəticəsində ödəniş hesabına/ ödəniş hesabından pulların köçürülməsi halında;
h. İstifadəçinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, o cümlədən, İstifadəçinin adi qaydada həyata keçirdiyi ödəniş əməliyyatlarından fərqlənən qeyri-standard və ya qeyri-adi dərəcədə mürəkkəb ödəniş əməliyyatlarının həyata keçirilməsi halında ödəniş hesabı və m10 Platformasından qeyri-qanuni istifadə şübhəsi yarandıqda;
i. Qanunvericiliyə uyğun olaraq ödənilməli olan vergi və digər məcburi ödənişləri ödəməkdən yayınma halının qarşısını almaq məqsədilə;
j. İstifadəçi m10 Platformasında bu Müqavilə və qanunvericiliklə nəzərdə tutulmuş autentifikasiya üzrə tələbləri yerinə yetirmədikdə;
k. İstifadəçinin kredit xətti ayrılmış ödəniş alətləri üzrə öhdəliklərini yerinə yetirə bilməməsi təhlükəsinin qarşısının alınması məqsədilə;
l. İstifadəçinin PashaPay-ə borcu olduqda, bir şərtlə ki, İstifadəçinin ödəniş hesabındakı məbləğ, o cümlədən Müqavilənin 21-ci maddəsində nəzərdə tutulan Umico bonusları həmin borcu silmək üçün kifayət olmasın;
m. PashaPay-in daxili qayda və təlimatlarına əsasən digər hallarda;
n. İstifadəçinin təşəbbüsü ilə;
o. Qanunvericilikdə nəzərdə tutulan digər hallarda və məhkəmə qərarı və ya səlahiyyətli dövlət orqanının tələbi ilə.
15.2. Tərəflər anlayır və qəbul edir ki, PashaPay hər bir halda zərurət yarandığı təqdirdə bu Müqavilə, PashaPay-in daxili qaydaları, bir şərtlə ki, bu qaydalar İstifadəçiyə qabaqcadan təqdim edilsin və tətbiq edilən qanunvericiliyə uyğun olaraq, İstifadəçinin ödəniş hesabına çıxış əldə etməsinə məhdudiyyət qoya və ya əməliyyat aparmasına imtina edə bilər.
15.3. Bununla məhdudlaşmamaq şərtilə, PashaPay aşağıdakı hallarda İstifadəçinin ödəniş hesabından elektron pulları silə bilər:
a. Müqavilənin icrası məqsədilə;
b. İstifadəçi ödəniş hesabının balansında olan məbləğdən daha artıq istifadə etdikdə;
c. İstifadəçinin PashaPay-ə borcu olduqda;
d. Müqavilənin 10.2-ci bəndində göstərilən hallarda.
15.4. Hər bir halda, bloklaşdırma müddəti müvafiq qanunvericilik tələblərinə uyğun olaraq, PashaPay-in daxili qaydalarına əsasən müəyyən edilir, bir şərtlə ki, bu daxili qaydalar qabaqcadan İstifadəçiyə təqdim edilsin. İstifadəçinin ödəniş hesabı və ödəniş əməliyyatları bloklaşdırıldıqda, ödəniş əməliyyatlarının icrasından imtina edildikdə və ya ödəniş hesabından pul vəsaitləri silindikdə mübahisələr PashaPay-in daxili qaydaları və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

16. Məsuliyyət

16.1. Tərəflər bu Müqavilənin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
16.2. Bir Tərəf digər Tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən qaydada məsuliyyət daşıyır. PashaPay yalnız bu Müqavilə üzrə İstifadəçiyə vurduğu faktiki zərərlərə görə məsuliyyət daşıyır və heç bir halda dolayı, təsadüfi, xüsusi və ya nəticə etibarilə meydana çıxan hər hansı zərərlərə, o cümlədən mənfəət itkisinə, biznes fəaliyyətinin və ya kommersiya imkanlarının itirilməsinə, əməliyyatların dayandırılmasına,eləcə də nüguz və ya işgüzar reputasiya itkisinə görə məsuliyyət daşımır
16.3. İstifadəçi fərdiləşdirilmiş təhlükəsizlik məlumatları və digər həssas ödəniş məlumatlarının qorunması üçün məsuliyyət daşıyır. Bu məsuliyyət, İstifadəçinin Ödəniş Hesabı vasitəsilə səlahiyyətli və ya səlahiyyətsiz şəxslər, o cümlədən işçiləri və ya üçüncü şəxslər tərəfindən həyata keçirilən bütün əməliyyatlara da şamil olunur. İstifadəçinin bu öhdəlikləri Müqavilənin 5-ci maddəsində müəyyən edilmiş tələblər çərçivəsində həyata keçirilir və bu maddə ilə məhdudlaşdırılmadan qüvvədə qalır
16.4. İstifadəçi, öz kommersiya fəaliyyəti çərçivəsində müştəriləri tərəfindən irəli sürülə biləcək hər hansı mübahisə, iddia və ya geri ödəmə tələbinin həlli ilə bağlı tam məsuliyyət daşıyır. Bu məsuliyyət yalnız o hallarda PashaPay-dan götürülə bilər ki, müvafiq Ödəniş Əməliyyatının düzgün icra olunmaması faktı birbaşa və qəti şəkildə PashaPay-ın səhvi nəticəsində sübuta yetirilsin. Belə hallarda PashaPay yalnız birbaşa və sübut edilmiş faktiki zərərlərin ödənilməsinə görə məsuliyyət daşıyır. Bununla yanaşı, PashaPay heç bir halda dolayı, xüsusi, nəticə etibarilə meydana çıxan və ya kommersiya fəaliyyətinə aid edilən zərərlərə, o cümlədən mənfəət itkisi, biznes fəaliyyətinin məhdudlaşdırılması və ya dayanması, reputasiya zərəri və digər oxşar nəticələrə görə cavabdeh hesab olunmur.
16.5. PashaPay bu Müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsinə və ya gecikdirilməsinə görə yalnız onun birbaşa nəzarəti altında olan hallar üçün məsuliyyət daşıyır. PashaPay-ın nəzarətindən kənar baş verən hallar — o cümlədən texniki nasazlıqlar, telekommunikasiya xidmətlərində kəsintilər, üçüncü tərəf xidmət təzhizatçılarının fəaliyyəti və ya xidmət göstərməməsi, habelə fors-major hallar nəticəsində yaranan gecikmələr və ya öhdəliklərin yerinə yetirilməməsi halları üzrə məsuliyyət daşımır. Belə hallar mövcud olduğu müddətdə PashaPay Müqavilə üzrə öhdəliklərin icrasından azad olunur və bu hallar öhdəliyin pozulması kimi qiymətləndirilmir.

17. Müqavilənin müddəti və ləğvi

17.1. Bu Müqavilə m10 Platformasında İstifadəçinin bu Müqaviləni təsdiq etməsini təsdiq edən “Təsdiqləmək” düyməsini sıxdığı andan bağlanılmış hesab edilir. Müqavilə Tərəflər arasında ləğv edilənədək qüvvədə qalır.
17.2. Müqaviləyə aşağıdakı hallarda ləğv edilə bilər:
a. İstifadəçinin təşəbbüsü ilə - PashaPay qarşısında bütün öhdəliklərinin icrası şərtilə m10 Platforması üzərindən 30 (otuz) gün əvvəlcədən PashaPay-i məlumatlandırmaqla;
b. PashaPay-in təşəbbüsü ilə qanunvericilikdə başqa müddət nəzərdə tutulmaqdıqda 30 (otuz) gün əvvəlcədən İstidadəçiyə bildiriş göndərilməklə
c. Qanunvericiliklə başqa cür müəyyən edilmədikdə aşağıdakı hallar olduqda PashaPay İstifadəçiyə bildiriş göndərməklə dərhal:
i. İstifadəçi həyata keçirilən əməliyyatlar barədə ondan tələb etdiyi məlumat və sənədləri PashaPay-ə 10 (on) gün ərzində təqdim etmədikdə;
ii. Bu Müqavilənin 15-ci maddəsində nəzərdə tutulan hallar aşkar edildikdə;
iii. İstifadəçi 12 (on iki) aydan çox müddətə m10 pul kisəsindən istifadə etmədikdə;
iv. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan digər hallarda
17.3. Müqavilə ləğv edilənədək İstifadəçi istifadə etdiyi ödəniş xidmətlərinə görə xidmət haqlarını ödəməlidir. Əgər xidmət haqları avans şəklində ödənilmişdirsə, həmin haqlar müqavilə ləğv edilənədək göstərilən ödəniş xidmətlərinə görə ödənilməli olan xidmət haqları çıxılmaqla müqavilə ləğv olunduğu günün növbəti iş günündən gec olmayaraq geri qaytarılır.
17.4. Bu Müqavilə ləğv edildikdə PashaPay Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq elektron pulun qalıq dəyərini İstifadəçiyə geri ödəyir.

18. Yazışma və danışıqlar

18.1. Tərəflər arasında yazışma və danışıqlar m10biz Platforması, telefon zəngi və elektron poçt vasitəsilə aparıla bilər.
18.2. PashaPay-in əlaqə məlumatları yuxarıda “PashaPay barədə məlumatlar” hissəsində göstərilir. Əlaqə məlumatları dəyişdikdə, İstifadəçiyə bu barədə m10 Platforması və ya elektron poçt vasitəsilə məlumat verilir.
18.3. İstifadəçinin əlaqə məlumatları onun m10biz Platforması vasitəsilə PashaPay-ə təqdim etdiyi məlumatlardır. Məlumatlar dəyişdikdə, İstifadəçi dərhal PashaPay-ə bu barədə məlumat verməlidir. Bu məlumatların təqdim edilməməsi və ya yanlış təqdim olunması nəticəsində yaranan bütün hüquqi və maliyyə məsuliyyəti İstifadəçiyə aiddir.

19. Müqaviləyə əlavə və dəyişikliklərin edilməsi

19.1. PashaPay İstifadəçiyə 30 (otuz) gün əvvəlcədən m10 Platforması vasitəsilə bildiriş təqdim edərək məlumat verməklə bu Müqaviləyə əlavə və dəyişikliklər edə bilər. Bu müddət ərzində İstifadəçi dəyişikliklərlə bağlı öz etirazınızı bildirmədikdə, bu dəyişiklikləri qəbul etmiş hesab ediləcəkdir.
19.2. İstifadəçinin vəziyyətini yaxşılaşdıran dəyişikliklər 19.1-ci bənddə göstərilən göstərilən müddət gözlənilmədən PashaPay tərəfindən tətbiq edilə bilər.

20. Tətbiq edilən hüquq və mübahisələrin həlli

20.1. Bu Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir və ona uyğun təfsir olunur.
20.2. PashaPay İstifadəçi tərəfindən şikayətin daxil olduğu tarixdən 7 (yeddi) iş günü müddətində müraciətə baxır və nəticəsi barədə İstifadəçini məlumatlandırır. Müraciətə baxılması bu müddətdə mümkün olmadığı halda həmin müddətdən gec olmayaraq şikayətə baxılması müddətinin artırılmasının səbəblərini əsaslandırmaqla şikayətə baxılması müddəti barədə İstifadəçiyə məlumat verir. PashaPay-ə şikayətin verilməsi İstifadəçinin məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdırmır.
20.3. Bu Müqavilə üzrə Tərəflər arasında yaranan bütün mübahisələr danışıqlar yolu ilə həll olunur. Danışıqlar nəticəsində tərəflər qarşılıqlı razılaşma əldə etmədikdə mübahisə Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində həll edilir.

21. m10 Platformasında əlavə funsionallıqlar

21.1. PashaPay m10biz Platformasında qabaqlayıcı və ya yeniləmə işləri görə bilər.
21.2. İstifadəçilərə m10 pul kisəsindən istifadənin təşviqi üçün hər hansı loyallıq proqramlarının (bonusların və s.) və ya kampaniyaların təşkili PashaPay-in müstəsna səlahiyyətidir və PashaPay İstifadəçi ilə razılaşdırmadan istənilən vaxt həyata keçirə və ya dayandıra bilər. PashaPay fərqli xidmətlər göstərən üçüncü tərəflərlə layihələr çərçivəsində əməkdaşlıq edərək İstifadəçilərə yeni məhsullar və ya m10 Platformasında yeni həllər təklif edə bilər.
21.3. Bu Müqavilənin qüvvədə olduğu müddət ərzində PashaPay tərəfindən təqdim olunan xidmətlər, qanunvericiliyə zidd olmamaq şərti ilə, dəyişdirilə, yenilənə və ya təkmilləşdirilə bilər. Hər hansı əlavə xidmətlərin göstərilməsi və ya mövcud xidmətlərin genişləndirilməsi halında, həmin xidmətlərdən istifadə yalnız İstifadəçi tərəfindən müvafiq əlavə şərt və qaydaların qəbul edilməsindən sonra mümkündür.

22. Digər müddəalar

22.1. İstifadəçi PashaPay-in razılığı olmadan Müqavilə üzrə hüquq və öhdəliklərini üçüncü şəxsə ötürə bilməz. PashaPay bu Müqavilə üzrə hüquq və öhdəliklərini üçüncü şəxslərə ötürə bilər.
22.2. Bu Müqavilə ödəniş xidmətlərinin göstərilməsi üzrə çərçivə saziş xarakteri daşıyır. Belə ki, bu Müqavilənin müəyyən hissələri yalnız müvafiq ödəniş xidməti göstərildiyi halda tətbiq edilir.
22.3. Bu Müqavilənin bir hissəsinin etibarsızlığı digər hissələrinin etibarsızlığına səbəb olmur.